Baş səhifə >Xəbərlər

Xəbərlər

Bakı FIA Baş Assambleyalarının iclasları və Prize-Giving mərasiminə hazırlaşır
2023-10-30 14:05:00
107021

Bakı dekabrın 5-8-də ilk dəfə ev sahibliyi edəcəyi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasiminə hazırlaşır.

Qeyd edək ki, Bakıda FIA-nın Baş Assambleyası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları təşkil olunacaq.

Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası, Bakı Konqres Mərkəzində Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

FIA Baş Assambleyalarının iclasları və Mükafatlandırma mərasimi zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcəklər.

İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Mükafatlandırma mərasimi isə (FIA Prize-Giving Ceremony) avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nöminasiyalar üzrə mükafatlar təqdim edilir.

FIA Prize-Giving Ceremony bu vaxtadək Monako, Nyu-Dehli, İstanbul, Paris, Doha, Vyana, Sankt-Peterburq, Cenevrə və Bolonyada keçirilib. Bakıdakı Prize-Giving Ceremony də yaddaqalan və möhtəşəm məqamlar vəd edir.

ƏN ÇOX OXUNANLAR

Kartinq üzrə təmsilçimiz Cəmil Həsənli Rocers

05.12.2019
8256

Dövlət Bayrağı Gününə həsr edilmiş “Offroad” yürüşü keçirilib.

12.11.2019
7686