Main Page >Projects

Projects

Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” açılıb
2020-01-11 08:02:31

Fevralın 23-də Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

 

Sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın “Classic Remise” və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

 

Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bir il ərzində layihə üzərində çalışanlara, o cümlədən Heydər Əliyev Mərkəzinin əməkdaşlarına, xarici muzeylərin təmsilçilərinə minnətdarlığını bildirib.

 

Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller bildirib ki, təmsil etdiyi muzeyin əsasını Şlumpf qardaşlarına məxsus kolleksiya təşkil edir. Həmin kolleksiyaya müxtəlif illərdə istehsal olunan avtomobillər daxildir.

 

Beynəlxalq sərgi kuratoru Horst Kampan Heydər Əliyev Mərkəzində nümayiş olunan kolleksiyanın unikal olduğunu qeyd edib. O, Azərbaycanın zəngin tarixə malik olduğunu, ölkənin neft sənayesi ilə fərqləndiyini deyib. Vurğulayıb ki, məhz bu sahənin inkişafı dünyada avtomobil sənayesinin inkişafına töhfəsini verib. 

 

Sonra  qonaqlar sərgidə nümayiş olunan eksponatlarla tanış olublar.

 

Qeyd edək ki, ekspozisiyada avtomobilin yarandığı ilk dövrlərdən -  XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. 

 

Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, ən əsası isə keyfiyyətini itirməyən klassik avtomobillər var. Hətta hazırda istehsal edilməsə belə, yenə də avtomobil həvəskarlarının marağında olan bir sıra markalar var. Ziyarətçilər məhz bu maraqdan irəli gələrək təqdim edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır.

 

İlk dəfə olaraq belə geniş çeşidli eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksesuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan video çarxlar nümayiş olunur.

 

Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər bərəsində məlumatlar, fotolar təqdim edilir.

 

Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyəcək.