Baş səhifə >Faydalı Məlumatlar

Faydalı Məlumatlar

Qənaət barədə 9 səhv fikir

Avtomobil hər kəsin həyatına rahatlıq gətirsə də, heç də hər kəs onun qulluğunda durmağı, vaxtında texniki baxışdan keçirməyi bacarmır. Bəziləri vaxtın azlığını, bəziləri isə əlavə pul xərcləmək istəmədiklərini əsas gətirib məsələyə biganə yanaşır. Hələ bu harasıdır. Sürücülər var ki, avtomobil daha az yanacaq yandırsın deyə müxtəlif metodlara əl atır, “yeni qanunlar” kəşf edirlər. Lakin müəyyən zamandan sonra görürsən ki, həmin qanunların heç bir faydası yoxdur. Əksinə, işləri bir az da korlamısınız. Odur ki, avtomobilin yanacaq sərfi barədə 9 səhv nəzəriyyəni diqqətlə oxuyun.

 

1.    Kiçik avtomobil daha az yanacaq yandırır. 

Düzgün yanaşma deyil. Əgər sizin dizel mühərrikli, turbo sistemli, injeksiyalı və ya hibrid mühərrikli avtomobiliniz varsa narahat olmağa dəyməz. Standart ölçülü bu cür avtomobillər yanacağı elə kiçik ölçülü avtomobillər qədər yandırır.

 

2.    Mexaniki sürət qutusu daha qənaətlidir.

Bəziləri düşünür ki, mexaniki sürət qutusuna malik avtomobillər yanacağı daha az yandırır. Bu, hardasa düzgün yanaşmadır. Lakin zaman keçir və mütəxəssislər avtomatik sürət qutulu avtomobillərə bir sıra yeniliklər tətbiq ediblər. Nəticədə, bu gün avtomatik sürət qutulu avtomobillər mexaniki avtomobillər qədər qənaətli olub. Odur ki, rahatılğınızı pozmayın.

 

3.    Neytralda saxlamaq  daha sərfəlidir.

Sürücülər var ki, avtomobil hərəkətdə ikən onun sürət qutusunu neytral vəziyyətə gətirir və  ətalətlə idarə edirlər. Bununla da onlar yanacağa qənaət etdiklərini düşünürlər. Əvvəla, bu, olduqca təhlükəlidir. İkincisi, sürət qutusu neytral halda olarkən belə avtomobil saatda 1-2 litr yanacaq sərf edir. Bundan başqa yenişlərdə və böyük sürətdə neytral vəziyyətdə kəskin tormozlama risklidir və bu zaman əyləc sistemi tez sıradan çıxır.

 

4.    Avtomobilin mühərrikinin qızmasını gözləmək lazımdır.

Avtomobil az yanacaq yandırsın deyə sürücülər səbrlə mühərrikin qızmasını gözləyirlər. Bəziləri bu prosesi hətta 10 dəqiqəyə qədər uzadır. Lakin nəzərə almaq lazımdır ki, müasir avtomobillər bu mənada daha hazırlıqlıdır və onları işə saldıqdan dərhal sonra da istifadə etmək olar. Amma soyuq mühərriklə dər hal sürətli sürmək mühərrikə ziyandır. Ona görə də aşağı sürətlə sürüb mühərriki tədricən qızdırmaq lazımdır.

 

5.    Avtomobil köhnəldikcə daha çox yanacaq sərf  edir.

Bu da yanlış yanaşmadır. Belə ki, avtomobilinizi vaxtında texniki baxışdan keçirsəniz və ona müntəzəm qulluq göstərsəniz “dəmir atınız” illər sonra da eyni miqdarda yanacaq sərf edəcək.

 

6.    Qənaət üçün hava filtirini vaxtında dəyişdirin.

Bu prinsip karbüratorlu avtomobillər üçün keçərlidir. İnjeksiyalı avtomobillərdə isə hava filtirinin vaxtında dəyişdirilməsi yanacağa deyil, mühərrikin performansına və daha rahat çalışmasına təsir göstərir.

 

7.    Qatqı maddələr yanacağı qənaətli edir.

Mütəxəssislər hesab edir ki, qatqı maddələr yanacaq sərfiyyatına ümumiyyətlə təsir etmir, əksinə bəzi problemlər yarada bilər. Odur ki, avtomobiliniz az yanacaq yandırsın deyə bu cür üsullara əl atmayın. Əks halda gözlənilməz sürprizlərlə rastlaşa bilərsiniz.

 

8.    Yüksək keyfiyyətli benzin yanacaq sərfini azaldır.

Əlbəttə, yüksək keyfiyyətli benzin avtomobilin daha rahat çalışmasına, qısa zaman ərzində sürət yığmasına, mühərrikin daha səssiz fəaliyyətinə zəmin yaradır. Lakin nəzərə alın ki, avtombil də yüksək keyfiyyətli yanacağa hazır olmalıdır. Adətən bu cür yanacağı köhnə avtomobillərə məsləhət görmürlər. Hər halda, bir şeyə əmin olun, benzinin keyfiyyəti ən yaxşı halda yanacağın sərfinə deyil, mühərrikin keyfiyyətli işləməsinə təsir göstərəcək. 

 

9.    Kondisioner əvəzinə avtomobilin pəncərələrini açın

Bu prinsip avtomobil aşağı sürətlə hərəkət edərkən özünü doğruldur. Belə ki, avtomobilin sürəti az olarsa kondisioner mühərrikin gücünü təqribən 5-8 at gücü azaldır. Lakin nəzərə almaq lazımdır ki, yüksək sürətlə hərəkət zamanı pəncərələrin açıq olması sizi soyuducudan daha cox xərcə salacaq. Çünki açıq pəncərələrdən salona daxil olan hava kütləsi avtomobili aerodinamikasını pozur və sürət azalır.