Yəqin ki, hər kəs səyahəti sevir. İnsanlar daim yeni və qeyri – adi yerləri görməyə, müxtəlif mədəniyyətin, adət - ənənələrin şahidi olmağa can atır. Səyahəti isə müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirmək olar. Yetər ki, uğurlu olsun. Bura bir qədər maraqlı məqamlar və özünəməxsusluq qatsanız səyahət daha da yaddaqalan olacaq. Məsələn, amerikalı səyyahlar Ceyms Harqis və Çarlz Kreyton kimi. Bu iki dost şəxsi avtomobildə bütün Şimali Amerikanı dolanıblar. 1930-cu ilin 26 iyulunda başlayan səyahət ərzində onlar 11 min 555 km. yol qət ediblər. Lakin səyahətin özünəməxsusluğu onun məsafəsində deyildi. O dövrdə hər adamın şəxsi avtomobili olmasa belə, Amerikanı gəzməklə insanları heyrətləndirmək qeyri mümkün idi. Odur ki, Nyu – Yorkdan başlayaraq bütün qitəni dolaşan dostlar yol boyu maşını arxa – arxaya sürməklə səyahət etmişdilər. Bu üzdən həmin səyahət hər kəsi şoka saldı və avtomobillə arxa – arxaya gedilərək qət edilən ən uzun məsafə kimi Ginnesin rekordlar kitabına düşdü.