“Zebra” və ya yerüstü piyada zolağı yol nəqliyyat hərəkətinin önəmli tərkib hissəsi kimi ilk dəfə Böyük Britaniyada tətbiq olunub. 1934-cü ildə Britaniyanın Nəqliyyat naziri lord Hor Lesli Belişanın təşəbbüsü ilə yollara çəkilən piyada keçidləri əvvəllər məhz nazirin soyadı ilə adlandırılırdı. Həmin keçidlərin daha yaxşı görünməsi üçün isə ətrafda narıncı rəngli fonarlar da quraşdırılırdı. İlk vaxtlar ölkədə piyada keçidlərinin müxtəlif formaları düşünülüb hazırlandı. Lakin yekunda məlum oldu ki, səkilərə paralel çəkilən və eni 60 sm. olan zolaqlar piyadaların diqqətini daha tez cəlb edir. Məhz bundan sonra, 1951-ci ildə bütün keçidlərin eyni qaydada, “zebr” formasında çəkilməsi barədə qərar qəbul edildi. 1953-cü ildə yerüstü piyada keçidləri Almaniyada, 60-cı illərin ortalarında isə SSRİ-də istifadə olunmağa başlanıldı. Lakin bu işarənin bütün sürücülər, həmçinin piyadalar tərəfindən qəbul olunması və onun şərtlərinə əməl edilməsi uzun müddət tələb etdi. Etiraf edək ki, bu gün yol hərəkətinin əksər iştirakçıları zolaqlardan düzgün yararlansa da, bu işarələrin tələblərinə əməl etməyənlərə də rast gəlinir. Müasir dövrdə aparılan mübarizə üsullarından biri də təbii ki, cəzalardır. Piyada zolaqlarının qaydalarını pozan sürücülər və sərnişinləri yol hərəkəti haqqında qanuna əsasən ciddi cəzalar gözləyir. Azərbaycanda da piyada zolaqlarının tələbləri qanunvericiliklə ciddi şəkildə qorunur. Belə ki, sürücülər yerüstü keçidlərdə piyadalara yol vermədikləri halda 60 manat və 3 balla cərimə olunur. Lakin qanun piyadalara da şamil edilir. Yolu keçən piyada yerüstü keçiddən istifadə etmədiyi halda İnzibati Xətalar məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq 20 manat məbləğində cərimələnir. Unutmayaq ki, piyada keçidləri təhlükəsizliyin təmin olunması baxımından ciddi önəm kəsb etməklə yanaşı, bu qaydalara tabe olmaq həm sürücünün, həm də piyadanın tərbiyəsini və ictimai davranış etikasını nümayiş etdirir.