Main Page >Interesting

Interesting

Ən uzun avtomobillər

Dünyanın ən uzun avtomobili Ginnesin rekordlar kitabına düşən və uzunluğu 30.5 metr olan limuzindir. Bu nəqliyyat vasitəsinin 26 təkəri var. Hollivud kinostudiyasının əsas avtomobillərindən sayılan həmin limuzindən daha çox xüsusi günlərdə - bayramlarda, film çəkilişlərində, karnavallarda istifadə olunur. Nəqliyyat vasitəsini Amerika Birləşmiş Ştatlarından olan mütəxəssis Cey Orberq hazırlayıb. Lakin limuzinin qeyri-adiliyi yalnız uzunluğunda deyil.

 

Çəkisi 10 ton olan və “Cadillac” firmasının hazırladığı iki mühərrikdən ibarət avtomobilə ümumilikdə 50 nəfər yerləşə bilər. Nəhəng limuzinin içərisində basseyn və böyük ölçüyə malik yataq da var. Ən maraqlısı isə odur ki, avtomobilin üzərinə vertolyot belə enə bilər. Bunun üçün limuzinin üstündə xüsusi yer də düzəldilib. Avtomobil yalnız düz yolda hərəkət etmək üçün nəzərdə tutulub. Əlavə edək ki, nəqliyyat vasitəsində ikinci sürücü kabinası da var. Bu, avtomobilin sükanını döndərmədən geriyə hərəkət etdirmək üçün nəzərdə tutulub. 

    Dünyanın ən uzun yük avtomobili isə Çində istehsal olunub. Uzunluğu 73 metrə çatan və 880 təkər üzərində hərəkət edən həmin avtomobildən Çzyansu əyalətində istifadə edilir. Bu nəqliyyat vasitəsi bir dəfəyə 2.5 min ton yük daşıya bilir.