Main Page >Automobile History

Automobile History

Enzo Ferrarinin uğuru: Şahə qalxmış at

Tükənməz qüvvət, yüksək keyfiyyət və prestij... Bu sözləri dünya brendi Ferrariyə aid etmək olar. Həmin brendi dünya ictimaiyyətinə tanıdan və sürət canavarını avtomobilsevərlərə hədiyyə edən şəxs isə Enzo Ferraridir.

Həyat yolu

 

1898-ci ildə İtaliyanın Modena şəhərində anadan olan Enzo Anselmo Ferrari gənc yaşlarında opera sənətçisi olmaq arzusu ilə yaşayıb. Birinci dünya müharibəsinin başlaması səbəbindən o, təhsilini yarımçıq qoyub və atası, qardaşı ilə birlikdə ordu sıralarına qoşulub. Lakin 1916-cı ildə həm atasını, həm də qardaşını müharibədə itirən Enzo çox keçmir ki, ordudan ayrılır. Doğma şəhəri Modenaya gələn bu gənc bəxtini avtomobil idmanı yarışlarında sınamaq qərarına gəlir və peşəkar sürücü kimi formalaşmaq üçün tanınmış şirkətlərə müraciət edir. Həmin şirkətlərdən biri isə Fiat olur. Lakin rədd cavabı alan Ferrari ruhdan düşmür və çox keçmir ki, Vespa şirkətində çalışmaq imkanı əldə edir. Test sürüşlərində bacarığını nümayiş etdirən Enzonun istedadı və göstərdiyi nəticələr digər komandaların da diqqətindən yayınmır. 1920-ci ildə Alfa Romeodan təklif alan Ferrari belə fürsəti əldən vermir və bir müddət bu kollektivin uğurları üçün çalışır. Məhz onun köməkliyi ilə Alfa Romeo avtoidman yarışlarında liderliyi ələ alır. Artıq peşəkar sürücü kimi tanınan Enzo Ferrari paralel olaraq avtomobil mühərrikinin və digər hissələrin hazırlanması ilə də ciddi şəkildə maraqlanır, bacarıq və imkanlarını gündən günə daha da artırırdı.

 

Gələcəyə doğru uğurlu addımlar

 

İldən-ilə böyüyən imkanlar, qazanılan uğurlar Enzonun avtomobil dünyasında daha ciddi addımlar atmasına şərait yaradır və o, 1929-cu ildə Alfa Romeonun daxilində öz komandasını yaradır. Komandanın adı isə “Scuderria Ferrari”(Ferrari komandası) olur. Önəmli yarışlarda bir – birindən uğurlu nəticələrə imza atan, rəqibləri üçün əsil başağrısı olan Enzo 1932-ci ildə oğlunun dünyaya gəlməsiylə peşəkar sürücü karyerasına son qoyur. Lakin onun fəaliyyəti bununla yekunlaşmır. Yarış avtomobillərinin mühərriklərini təkmilləşdirmək istiqamətində çalışan mütəxəssis yenə də komandasının yanında olur və onun uğurları üçün əlindən gələni əsirgəmir. Öz qabiliyyəti ilə rəhbərliyin etimadını qazanan Enzo Ferrari çox keçmədən Alfa Romeonun idman direktoru vəzifəsinə təyin edilir.

Bu tarixi şəxsiyyətin avtomobil dünyasına verdiyi ən böyük hədiyyələrdən biri də özünün hazırladığı yarış avtomobili oldu. Düzdür, ikinci dünya müharibəsinin başlaması və Modenanın bombalanması üzündən ixtiraçı işini yarımçıq buraxmaq məcburiyyətində qaldı. Lakin başladığı işdən əl çəkməyən Enzo Ferrari 1947-cı ildə, dünya avtomobil tarixinin ən qabaqcıl markası olan “Ferrari” avtomobilini yaratdı.

 

Faciə...

“Ferarri 125S” adlanan ilk model 1950-1960-cı illərdə bir çox uğurlar qazandı. Bununla belə, şirkət böyük maddi problemlərlə üzləşdiyindən digər istehsalçılarla rəqabətdə açıq – aşkar geri qalırdı. Odur ki, mövcud problemi aradan qaldırmaq üçün Ferrari italyan mafiyasından borc pul alır. Lakin sonradan həmin borcu ödəyə bilmədiyindən mafiya onun oğlu Dino Ferrarini qətlə yetirir. Bu Ferrari ailəsinin öz ideyaları uğrunda ən böyük itkisi oldu. Oğlunun ölümündə özünün günahkar olduğunu etiraf edən ata təsəlli tapmaq üçün hazırladığı yeni modelin adını Dinonun şərəfinə “Ferrari Dino” adlandırır. Bu model üçün xüsusi emblem də hazırlanır və “Ferrari” şirkəti tarixində ilk dəfə yeni avtomobilini şahə qalxmış at loqosu ilə deyil, üzərində Dino yazılmış loqo ilə dünya ictimaiyyətinə təqdim  edir. 

Lakin görülən işlərə rəğmən şirkətin maliyyə böhranı davam edir. Problemdən çıxış yolu kimi “Ferrari” 1960-cı illərin sonunda səhmlərinin yarısını “Fiat”a satır. Sonrakı illərdə şirkətin digər hissələrini də əldə edən “Fiat” hazırda “Ferrari” səhmlərinin 90% -nin sahibidir.

Bununla belə, hər çətin günün uğurlu sabahı var. “Ferrari” markasının ən uğurlu dövrü isə dizayner Sergio Pininfarinanın şirkətə gəlişi ilə başlayır. Enzo Ferrarinin yaxın dostu Battista Farinanın oğlu olan Sergio hazırladığı yeni modellərlə Ferrarinin nüfuzunu qısa vaxt əzrində nəzərəçarpacaq dərəcədə qaldırır. Onun dizaynı əsasında hazırlanan modellərdən bəlkə də ən gözəli TestaRossadır. 1984-cü ildə təqdim olunan bu versiya bahalı olmasına baxmayaraq, dövrünün lüks avtomobilləri sırasında yeni satış rekorduna imza atır.

Beləliklə, maliyyə problemlərini demək olar ki həll edən şirkət 1987-ci ildə növbəti dəfə azarkeşlərini sevindirir. Enzo Ferrari şirkətin yaradılmasının 40 illiyi münasibəti ilə “Ferrari F40” modelini təqdim edir. Dövrünün ən güclü avtomobili hesab edilən “Ferrari F40”-ın ilk sahibi isə futbol ulduzu Diego Maradona olur. Bu cür bahalı hədiyyəni futbolçuya verməkdə məqsəd onu nəyin bahasına olursa olsun İtaliyada saxlamaq idi. Belə ki, həmin illər yerli “Napoli” komandasının şərəfini qoruyan Maradonaya digər böyük klublardan maraqlı transfer təklifləri gəlir. Belə olan halda “Napoli”nin prezidenti vəziyyətdən çıxış yolu kimi futbol ulduzuna “Ferrari F40” modelini hədiyyə edir və yalnız bundan sonra Maradona komandada qalmağa razılıq verir. Elə futbolçu özü də çıxışlarında bu tarixi faktı dəfələrlə bildirmiş və “Napoli”də qalma səbəbinin yalnız “Ferrari F40” olduğunu səmimi şəkildə etiraf etmişdir.

Brenddə yaşayan ad...

1988-ci ildə şirkətə ağır itki üz verdi. “Ferrari”ni bütün dünyaya tanıdan və bu adı brendə çevirən Enzo Ferrari 90 yaşında dünyasını dəyişdi. Onun ölümündən sonra təşkilata Luka di Montedzemola rəhbərlik etdi. Artıq avtomobil dünyasında qazanılan imic və beynəlxalq təcrübə Ferrarinin yoxluğunda da şirkətə uğur və kifayət qədər maliyyə gətirirdi. Elə həmin nailiyyətlərdən bir neçəsi 1990-cı illərə təsadüf edir. Ferrari 456 GT, F355, Ferrari 550 Moranello və Ferrarinin 50 illiyi münasibətiylə hazırlanan F50 adlı uğurlu modellər məhz həmin ildə ictimaiyyətə təqdim olundu. Lakin bütün bu uğurların fonunda hər zaman Enzo Ferrani yad edən və ona minnətdar olan “Ferrari” ailəsi sonraki illərdə dahi şəxsiyyətin xatirəsinə “Enzo” modelini hazırladı. 

İdmanda qazanılan uğurlar

“Ferrari” idman sahəsində də uğurlarla yadda qallıb. “Scuderria Ferrari” komandasını avtomobil dünyasının ən nüfuzlu yarışlarından sayılan Formula 1-ə qatılır. Komanda 1950-ci ildə Monako Qran Prisində keçirilən ilk Formula-1 yarışındaca gücünü sınayanlardan olur. Zaman-zaman beynəlxlaq yarış təcrübəsini daha da artıran “Ferrari” sonrakı illərdə 16 dəfə konstruktorlar, 15 dəfə sürücülər arasında dünya çempionluğunu rəsmiləşdirir. Almaniyalı pilot Mixael Şumaxerin “Ferrari”yə gəlişi isə uğurların sayını daha da artırır. Təcrübəli sürücü 2000-2004-cü illərdə, ardıcıl 5 dəfə çempion adını qazanır. Komandaya növbəti çempionluq sevincini 2007-ci ildə Kimi Raykonen yaşadır. Bir il sonra isə “Ferrari” konsktruktorların mübarizəsində qələbə qazanmaqla mükafatlar kolleksiyasını daha da zənginləşdirir. Sonrakı illərdə də uğurlar bir – birini əvəz edir və “Ferrari”nin adı F1-in tarixinə ən titullu komanda kimi qızıl həriflərlə yazılır. Bu gün “Ferrari”ni Formula 1-siz, Formula 1-i isə “Ferrari”siz təsəvvür etmək mümkün deyil.

Şahə qalxmış atın tarixçəsi

 

“Ferrari”nin simvolu olan şahə qalxmış at və loqonun üzərindəki rənglər xüsusi məna kəsb edir. Ümumiyyətlə, şirkətin loqo seçiminin də maraqlı tarixçəsi var. Düşünməyin ki, bunlar avtomobilin gücünü və ya möhtəşəmliyini göstərmək məqsədilə düşünülüb. Şahə qalxmış at ideyasının müəllifi əslən modenalı şəhid anası olub. Hadisə önəmli yarışlardan birində baş verib. Öz komandasına yaxından azarkeşlik etmək istəyən Enzo Ferrari arenaya gəlir. Bu zaman ona yaxından tanıdığı və dəyər verdiyi bir xanım, məşhur təyyarəçi, birinci dünya müharibəsində ən peşəkar pilotlardan olan Françesko Barakkanın anası yaxınlaşır. Həmin xanım bildirir ki, oğlunun təyyarəsinin gövdəsində hər zaman şahə qalxmış at şəkli olub və həmin şəkil ona ağır döyüşlərdə daim uğur qazandırıb. Lakin Barakka ailəsi ilə yaxın münasibətdə olan Enzo da həmin fiqur barədə məlumatlı idi. Odur ki, xanımın bu fiquru emblem kimi istifadə etmək xahişi həm də bir ideya kimi Enzonun ağlına batır və o, şəhid anasının da sözünü yerə salmayaraq bu ideyanı reallaşdırır. Nəticədə, “Ferrari” 1932-ci il iyulun 9-da avtomobilin üzərinə şahə qalxmış at fiquru vurur və ən böyük uğurlarına da bu loqo ilə imza atır.

Sonralar bu loqonu patetləşdirən Ferrari xüsusən rəng seçimində müəyyən dəyişikliklər edir. Əvvəllər atın rəngi qırmızı olsa da, döyüşdə öldürülən təyyarəçinin faciəvi həyatına görə, Enzo, atı qara rəngdə vermək qərarına gəlir. Loqonun üzərindəki 3 rəng isə İtaliyanın bayrağını simvolizə edir. Sarı rəngə gəlincə, bu, Modena torpağının rəngi kimi xarakterizə edilir.