ABŞ-DA QEYRİ-ADİ AVTOMOBİL MUZEYİ

Amerikanın Kentukki ştatında yerləşən milli “Chevrolet Corvette” muzeyi maraqlı ideya irəli sürüb. Muzey təbiətin onlara bəxş etdiyi və əslində ciddi problem kimi görünən hadisədən qazanc məqsədilə istifadə etməyə çalışır. Məsələ ondan ibarətdir ki, bu ilin fevralında muzeyin həyətinin çökməsi nəticəsində eni 12 metr, dərinliyi isə 7-9 metr olan böyük dəlik yaranıb və ərazidə olan 8 avtomobil həmin dəliyə düşüb.

Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb. Muzeyin rəhbəri öncə avtomobilləri çıxarmaq barədə düşünsə də, tamaşaçı marağı onları bu fikirdən daşındırıb. Yerli əhali, hətta turistlər muzeyə gələrək quyuda əzilmiş vəziyyətdə olan ZR-1 Spyder (1993-cü il buraxılışlı), ZR-1 Blue Devil (2009), Corvette (1962), PPG Pace Car (1984), Mallett Hammer Z06 (2001) və s. avtomobillərə baxmağa, təbii fəlakətin yaratdığı mənzərəni yaxından izləməyə çalışır. Lakin tamaşaçıların təhlükəsizliyini düşünən nəzarətçilər hələlik heç kimi yaxına buraxmır. Rəhbərlik isə həmin ərazinin tarixi fakt kimi qorunacağını və qəzanın baş verdiyi yerdə müəyyən rekonstruksiya işlərinin aparılacağını bildirib. Proses sentyabrda başa çatacaq. Məlumat üçün deyək ki, “Chevrolet Corvette” bu ilin avqustunda özünün 20 illik yubileyini qeyd etməyə hazırlaşır.

Bu arada, muzeyin satış meneceri Keti Frazinellinin sözlərinə görə, baş vermiş hadisə tamaşaçı marağına ciddi təsir göstərib. Nəticədə mart ayından başlayaraq bu günə kimi qonaqların sayı 59 faiz artıb. Qeyd olunan fakt əlbəttə ki, ümumi gəlirə də təsir edib. Son aylar muzeyin biletlərdən əldə etdiyi qazanc 65 faiz yüksəlib. Dağılmış ərazinin rəsmi açılışından sonra isə bu rəqəmin daha da artacağı gözlənilir.