Baş səhifə >Turizm

Turizm

Avtomobil turizmi: Nələri bilmək faydalıdır?

Diqqətinizi yola deyil, maraqlı və görməli yerlərə yönəltmək, yolboyu müşahidə aparmaq və zəngin təəssüratla dönmək istəyirsinizsə, şəxsi sürücüsü ilə xidmət göstərən şirkətlərə müraciət edin. Lakin, dinamik həyat tərzi və ekstrimi sevənlər bu cür səyahətlər zamanı avtomobili idarə etməkdən də böyük zövq alırlar. Bu gün bir çox şirkət müxtəlif nəqliyyat vasitələrini icarəyə verir. Bura, kiçik həcmli avtomobillərdən tutmuş, mikroavtobuslara kimi bütün növ nəqliyyat vasitələri daxildir. Geniş seçim isə avtoturistlərə daha maraqlı, faydalı istirahət üçün zəngin imkanlar yaradır. Onu da nəzərə almaq lazımdır ki, hər sürücü öz xarakterinə, mədəniyyətinə və dünyagörüşünə görə avtomobili idarə edir. Bir sürücü konkret proqram üzrə hərəkət etməklə, yalnız önəmli yerlərdə dayanmağı, bir sözlə planlı səyahəti sevir. Başqa birisi yolboyu mənzərəli, maraqlı yerlərdə dayanır, qarşısına çıxan müxtəlif məkanlarda dincəlir, bu yolçuluqdan zövq almağa çalışır. Lakin istirahətin hansı notlar üzərində qurulmasından asılı olmayaraq, hər sürücü nəqliyyat vasitəsindən ehtiyatla və səmərəli istifadə etməli, xüsusən yaşayış məntəqələrində sürəti azaltmalı, avtomobili marşrutun şərtlərinə uyğun hazırlamalıdır. Peşəkarlar məsləhət görür ki, sürücülər yola çıxmazdan öncə istiqamət trayektoriyası üzrə kafe, motel, dayanacaq və istirahət mərkəzləri, xəstəxanalar, yanacaq doldurma məntəqələri və s. kimi önəmli yerləri müəyyən etsə daha yaxşı olar. Bunun üçün internetdəki və ya kağız üzərindəki xəritədən istifadə edə, dostlarınızla məsləhətləşə bilərsiniz. Gecələmək üçünsə mütləq təhlükəsiz yer seçin. Bu baxımdan, turizm xidməti göstərən mərkəzlərdə dincəlməyiniz daha sərfəli və təhlükəsiz olar. Harda qalmağınızdan asılı olmayaraq unutmayın, siz sadəcə qonaqsınız və nəzakətli, mehriban rəftar sizə olan münasibətə də təsir göstərəcək. Ölkə hüdudlarından kənara çıxmağa hazırlaşırsınızsa, getdiyiniz dövlətin qanunları, adət - ənənələri, tarixi ilə tanış olun. Bu məlumatları həmin ölkənin səfirliyindən və ya internetdən asanlıqla əldə edə bilərsiniz. Əlavə məlumatlar sizi xoşagəlməz sürprizlərdən və çətin durumlardan xilas edər. Əlbəttə, hər kəs həyatda ən azı bir dəfə şəhər mühitindən qaçmaq və təbiətin sakit, füsunkar, ilhamverici dünyasına qovuşmaq istəyir. Avtoturizm bunu tam olaraq həyata keçirməyə imkan verir. Azərbaycan Avtomobil Federasiyası sizə uğurlu səfərlər arzulayır. İstənilən sualınızı cavablandırmaqdan məmnun olarıq.