Baş səhifə >Yarış növləri

Yarış növləri

Yüksəkliyə Dırmanma Yarışı (Hill Climb)

Yüksəkliyə dırmanma yarışı əvvəlcədən müəyyən olunmuş yoxuşu fəth etmək missiyası daşıyan maraqlı mübarizədir. Burda əsas məqsəd müəyyən yüksəklikdə yerləşən finiş xəttini uğurla qət etməkdir.

Tarixdə avtomobil idmanı üzrə yüksəkliyə dırmanma yarışı ilk dəfə 31 yanvar 1897-ci ildə Fransanın ən gözəl şəhərlərindən hesab olunan Nitsada keçirilib. İştirakçılar La Turbie adlanan yerdə nəyə qadir olduqlarını ortaya qoyublar. 1905-ci ildə isə analoji yarış İngiltərədə təşkil olunub. Amerikalı azarkeşlər bu növ üzrə mübarizəni ənənəvi olaraq hər il izləmək imkanı əldə edirlər. Avropada isə yüksəkliyə dırmanma turniri əsasən 1980-ci ildən başlayaraq daha geniş miqyasda, Alp dağlarının təpələrində təşkil olunur.

Dırmanma yarışlarına hər avtomobil buraxılmır. Bu zaman nəqliyyat vasitələrinə əraziyə uyğun mühərrik, həmçinin digər texniki vasitələr quraşdırılır. Yalnız bundan sonra mübarizəyə qatılmaq olar. Yüksəkliyi fəth edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Əgər bir neçə sürücü müəyyən olunmuş marşrutu qət etsə qalib nəticələrə görə müəyyən edilir. Yəni kim vaxt normasına görə üstündürsə, o da baş mükafata sahib çıxır.

 

Bu növ üzrə ən önəmli turnir yürsəkliyə dırmanma üzrə dünya çempionatıdır. Həmin yarış FİA tərəfindən təşkil və idarə olunur.