Baş səhifə >Avtomobil Tarixi

Avtomobil Tarixi

Avtomobil tarixinə səyahət

Avtomobil yunan və latın (yunanca auto - özü, latınca mobilis - çevik, hərəkətli) söz birləşmələrindən ibarət olub, özü hərəkət edən qurğu deməkdir. Dünyanın ən böyük  kəşflərindən hesab edilən avtomobilin keçmişi  lap qədim zamanlara, təkərin yaranmasına qədər uzanır.

 

İlk addımlar

Özü yeriyən qurğu haqqında ilk ideyanı XV əsrdə Leonardo Da Vinçi və XVII əsrdə İsaak Nyuton irəli sürüb. İki dahi alimin bu sahədə söylədiyi fikirlər nəhayət 1769-cu ildə real həyatda öz təsdiqini tapıb. Nəzəri bilikləri praktik olaraq reallaşdıransa fransız  Nikolas Jozef Kuqnot (Nicholas - Joseph Cugnot) olub. O, buxarla işləyən və üç təkər üzərində hərəkət edən “Fardier” qurğusunu yaradıb. Fransalı zabit Kuqnot döyüş bölgəsində topları daşımaq üçün paralel olaraq iki ədəd buxarla işləyən traktor tipli avtomobil də yaradır. Onlardan biri bu gün də Fransanın İncəsənət və Sənətkarlıq  Konservatoriyasında saxlanılır. Suyu qaynadıb buxar halına çevirmək üçün qurğunun ön hissəsində böyük qazan quraşdırılır. Avtomobili idarə edən şəxsə isə elə həmin dövrdən başlayaraq şofer (sürücü) adı verilib. Fransız dilindən götürülmüş “chauffeur” (şofer) sözünün mənası “ocaqçı”  deməkdir.

 

Böyük uğurların başlanğıcı

Texnika aləmində böyük elmi kəşf sayılan bu hadisə dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi və gələcəkdə yeni kəşflərə zəmin yaratdı. Nəticə isə özünü çox gözlətmədi. 1807-ci ildə Nisepfor Nieps (Nicephore Niepce) və onun qardaşı Klaud (Claude) dünyanın ilk daxili yanma mühərrikini düzəltdilər. Lakin həmin qardaşlar bu mühərriki avtomobildə deyil, qayıqda istifadə etdilər. Bununla belə, qeyd olunan kəşfdən sonra avtomobillər zaman - zaman daha sürətlə dünyanın aparıcı qüvvələrinin, istehsalçıların, iş adamlarının diqqətini cəlb etdi, avtomobil bazarı gündən-günə daha da təkmilləşdi. Görülən işlərin məntiqi davamı kimi, 1876-ci ildə Nikolaus Otto dördtaktlı daxiliyanma mühərrikini ixtira etdi və patentləşdirdi. Həmin il Otto, Daymler və Maybaxdan xəbərsiz Karl Benziki də taktlı daxiliyanma mühərriki hazırlayır və 1879-cu ildə bu kəşfinə görə patent alır.

1885-ci ildə daha çox Daymlerin böyük zəhməti sayəsində daxiliyanma mühərrikli “Reitwagen” adlanan avtomobil icad edilir. Benzinlə işləyən ilk avtomobil kimi tarixə düşən bu qurğunu araba motosikletə də bənzətmək olardı. Təxminən bir il sonra isə Daymlerin həmkarı olan Karl Benz yeni kəşfə imza atır və alim 1886-ci ildə həmin avtomobilinə görə də patent alır.

 

“Motorwagen” adlanan bu 3 təkərli arabanın mühərriki arxa oturacağın alt hissəsində yerləşirdi. Yeni tədqiqatlar və elmi kəşflər üzərində çalışan K.Benz 1896-cı ildə “boxer” tipli mühərrik ixtira edir. Elə həmin il də növbəti patentini alır. Bu ixtiradan avtoidman aləmi hələ də yararlanır. Əlavə edək ki, Karl Benz eyni zamanda Daimler Benz, Mercedes Benz və Daimler Craysler şirkətlərinin atası olan Benz şirkətinin də qurucusudur.

1890-cı ildə isə Daymler "Daimler Motoren Gesellschaft" (DMG) şirkətini yaradır və bu şirkət yerdə, suda, hətta göydə istifadə edilə biləcək kiçik ölçülü, güclü mühərriklərin istehsalı ilə məşğul olur. Müasir Mercedes-Benz avtomobillərinin emblemindəki məşhur üçguşəli ulduz da məhz həmin şüarı simvolizə edir. DMG 28 noyabr 1890-cı ildə səhmdar cəmiyyətə çevrilir. Bir il sonra isə Maybax bu şirkətdən ayrılır və ayrıca fəaliyyət göstərməyə başlayır. 1899-cu ildə DMG firması iş adamı Emil Yellinekinin qızının adını daşıyan "Mercedes" avtomobilini istehsal edir. Həmin adla buraxılan ilk avtomobilin sürəti isə saatda 13 km–dən artıq olmayıb.

Qeyd olunan ixtiralardan sonra avtomobil sənayesi daha da genişlənir və yeni-yeni kəşflərə yol açır. Avtomobil sənayesində əsas ixtiralardan biri də rezin təkərlərin kəşfi hesab edilir. Rezin təkərlərin ilk addımı  Dunlop-un oğlunun üç təkərli velosipedi üçün hazırladığı rezin modeli ilə başlamışdır. Dunlop üstü  rezin ilə örtülmüş çadır bezini təkərlərin üzərinə mismar ilə çəkərək içinə hava doldurması ilə ilk addımı atmışdır. Daha sonrakı illərdə  Eduard və Andre Mişelin qardaşları, babaları tərəfindən “Clermont-Ferrand”da qurulan və velosiped hissələri istehsal edən "Michelin Cie" şirkətini götür və ilk avtomobil təkərini  inkişaf etdirərlər. Mişelin qardaşlarının 1895-ci ildə avtomobil üçün hazırladığı rezin təkərlər avtomobil sənayesində yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Bu rezin təkərlərin çəkisi 6,5 kq və saatda ortalama 15 km sürətlə gedən bir avtomobil üzərində 150 ​​km-ə qədər dözümlü idi.

1891-ci ildə Emile Levassor və Armand Peugeot Daimler mühərrikli nəqliyyat vasitələrinin istehsalına başladı və bununla da Fransa avtomobil sənayesinin əsası qoyuldu. XIX əsrin sonlarında isə avtomobil sənayesinin əsas mərkəzi Fransa hesab edilirdi. 1903-cü ilin dünya avtomobil istehsalına əsasən söyləmək olar ki, Fransa 30.204 avtomobillə beynəlxalq istehsalın 48%-ni təşkil edirdisə,

Amerikada bu göstərici 11.235, İngiltərədə 9.437, Almaniyada isə 6.934 idi.

 

Dünyada avtomobil sənayesinin inkişafı XX əsrdən başlayaraq daha da sürətləndi. Avtomobil istehsalçıları durmadan artmağa başladı. Bunun da məntiqi davamı kimi hazırda dörd təkərli, motorlu nəqliyyat vasitəsi insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Dünyanın bir çox yerlərində avtomobil sərgiləri və avtoidman həvəskarları üçün yarışlar təşkil edilir. XX əsrdə avtomobil sənayesinə bir sıra yeniliklər bəxş edən şəxslərdən Enzo Ferrari, Henry Ford, Kiichiro Toyoda, Ettore Bugatti, Ferdinand Porsche və Ferruchio Lamborghininin adını çəkmək olar .

Hazırda dünyada il ərzində 80 mln-dan çox avtomobil istehsal  edilir və bu göstəricilər ildən ilə durmadan artmaqdadır.